Birja ilk baxışda tam xaos təsiri bağışlayır: qiymət gah qalxır, gah düşür, gah da sanki donub yerində dayanır. Bu görüntü yeni başlayanlar üçün anlaşılmazdır, ona görə də çoxları bazarın təsadüfi hərəkət etdiyini düşünür. Amma birjada heç nə təsadüfi deyil. Bazarda bütün hərəkətlərin arxasında bir ritm, bir enerji və müəyyən davranış forması dayanır. Bu davranışın adı isə trenddir.
Trend bazarın dilidir və bu dili oxumağı bacaran treyder bazarın “nə demək istədiyini” digərlərindən daha tez anlayır. Maraqlıdır ki, ən sadə, amma ən çox yanlış başa düşülən anlayış da məhz trenddir. Bir çox treyder yalnız qalxan və ya düşən xətti trend hesab edir, halbuki trend bundan çox-çox fərqlidir.
Trend – sadəcə istiqamət deyil, bir davranış modelidir
Trendin mahiyyətini anlamaq üçün bazarı dalğa kimi təsəvvür etmək yaxşıdır. Dalğa əvvəlcə güclü şəkildə hərəkət edir, sonra geri çəkilir, daha sonra yenidən güclənir. Bazarda da impuls, düzəliş və davam mərhələləri var. Qiymət bir müddət sürətlə irəliləyir, sonra dayağını axtarır, sonra yenidən yoluna davam edir. Bu “irəli–geri–davam” döngüsü trendin özüdür.
Yeni başlayan treyderlər isə impulsu trend sonu hesab edir və düzəlişi də dönüş kimi anlayırlar. Halbuki bunlar sadəcə bazarın nəfəsidir. Nəfəs almadan həyat olmadığı kimi, düzəliş olmadan trend də yoxdur.
Trendi yaradan – kiçik treyderlər deyil
Bazarın istiqamətini formalaşdıranlar fərdi treyderlər deyil. Trendin arxasında:
fondlar, institusional investorlar, banklar, alqoritmik sistemlər kimi nəhəng oyunçular dayanır. Onlar milyardlarla dolları eyni istiqamətə yönəldəndə bazar da məhz həmin istiqamətə doğru axır. Kiçik treyderin bu axına qarşı çıxmaq şansı yoxdur. Ona görə də “trendə qarşı treyd etməmək” qaydası təkcə məsləhət yox, həyatda qalma mexanizmidir.
Trendə qarşı çıxan treyder əslində “bazar dönəcək” düşüncəsinin qurbanıdır. Bu düşüncə psixoloji təlqindir və insana kontrollu hiss etdirir. Amma bazar, nə zaman dönəcəyini heç kimə elan etmir. Bir trend bitənə qədər — hələ trendir.
Trend treyderi sakitləşdirir, struktur verir
Trendi oxumağın böyük üstünlüklərindən biri psixologiyadır. Trend dövründə ticarət daha rahatdır, çünki bazarın hara getdiyi daha aydın görünür. Range dövrlərində isə qiymət tez-tez istiqamət dəyişdiyi üçün treyder yorulur, emosional qərarlar artır. Təcrübəli treyderlər buna görə trend dönəmlərində aktiv, range dönəmlərində isə səbirli olurlar.
Trend həm də strategiya qurmağı asanlaşdırır. Giriş nöqtələri daha müəyyən olur, stop-loss daha məntiqli yerləşir, risk–gəlir nisbəti daha əlverişli olur. Qısacası, trend treyderin əlini gücləndirir.
Trendlər bazarın düşüncəsidir
Trendləri oxumaq yalnız gəlir üçün deyil, bazarın təbiətini anlamaq üçün də vacibdir. Trend treyderə bazarın “bügünkü düşüncə tərzini” göstərir. Tələbat varsa qiymət artır, təzyiq varsa düşür. Bu davranışı görməyi bacaran treyder artıq ticarətin mexanikasını qavrayır.