Image

“Sell the News” Fenomeni Niyə Baş Verir?

Maliyyə bazarlarında tez-tez rast gəlinən “Sell the News” fenomeni bir çox yeni investor üçün anlaşılmaz görünə bilər. İzah edək: Xəbərlər yaxşıdır, gözlənti müsbətdir, amma bazar əksinə düşməyə başlayır. Bunun əsas səbəbi odur ki, bazar yalnız xəbərin özünə yox, həmin xəbərin artıq qiymətə əvvəlcədən daxil olub-olmadığına reaksiya verir. Treyderlər çox vaxt müsbət xəbəri gözləyərək əvvəlcədən alış edir və xəbər açıqlandığı anda artıq qazancını realizə etmək üçün satışa keçir. Bu, qiymətdə qısa müddətli təzyiq yaradır və aktivin dəyəri düşür.

“Sell the News” həm də bazarın gözlənti mexanizmi ilə bağlıdır. Bəzən xəbər real olaraq yaxşı olsa belə, bazarın gözlədiyi qədər güclü çıxmadığı üçün investorlar məyus olur və satış başlayır. Digər tərəfdən, böyük oyunçular həcmi artırmadan mövqe dəyişmək üçün məhz xəbərin yaratdığı likvidlikdən istifadə edir. Xəbər çıxanda bazarda çox iştirakçı olur və böyük investorlar bunun fonunda satış edərək iz qoymadan çıxış edə bilirlər.

Bu fenomen göstərir ki, bazarda yalnız xəbərin məzmunu yox, həmin xəbərin qiymətə necə və nə vaxt təsir etdiyi daha önəmlidir. Ona görə də treyderlər xəbəri oxumaqdan çox, bazarın xəbərə necə reaksiya verdiyini izləməlidirlər. “Sell the News” bazarlarda psixologiyanın və gözləntilərin nə qədər böyük rol oynadığının real nümunəsidir.